Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?
26 mart 2026
# 10:00

Bu gün dahi alman bəstəkar və pianoçu Lüdviq van Bethovenin doğum günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən onun haqqında materialı təqdim edir.

Lüdviq van Bethoven… Bu ad qulaqlarımızda əks-səda verən möhtəşəm simfoniyaların, ruhumuza toxunan melodiyaların və klassik musiqinin universal dilini yenidən yazan bir dahinin müjdəçisidir. XVIII və XIX əsrlərin qovşağında yaşamış bu alman bəstəkar və pianoçu, eşitmə qabiliyyətini itirməsinə baxmayaraq yaratdığı əsərlərlə əsrləri aşaraq bu gün də insanları dərindən təsirləndirməyə davam edir. Bəs 9-cu Simfoniyanın coşqusu və ya “Ay işığında sonata”nın kədərli gözəlliyi arxasında gizlənən hekayələri nə dərəcədə tanıyırıq?

Bethovenin musiqi tarixinə vurduğu möhür qədər, şəxsi həyatındakı münasibətləri, mübarizələri və az bilinən qeyri-adi detalları da onun portretinə tamamilə fərqli bir ölçü qatır. Bu yazıda musiqinin bu üsyankar və dahi övladının həyatındakı ən təsirli məqamları, yaddaqalan əsərlərini və ilhamverici, az tanınan cəhətlərini bir araya gətirdik.

16 dekabr 1770-ci ildə Almaniyanın Bonn şəhərində dünyaya göz açan Lüdviq van Bethoven, musiqi tarixinin ən müəyyənedici simalarından birinə çevriləcəyindən xəbərsiz idi. Ancaq tale artıq öz toxumasını qurmağa başlamışdı. Uşaqlıq illərindən etibarən onun musiqi istedadı ətrafındakılar tərəfindən fərq edilirdi.

Bethovenin uşaqlığı, təəssüf ki, sənətkar ruhunu bəsləyən romantik bir mənzərədən uzaq idi. Atası Yohann van Bethoven tenor və musiqi müəllimi idi. Oğlunun istedadını erkən yaşda kəşf etmiş, onu ikinci bir Motsart etmək arzusu ilə sərt və intizamlı bir təhsildən keçirmişdi. Bu isə balaca Lüdviq üçün çox zaman əzaba çevrilirdi. Gecənin bir yarısı pianonun arxasına oturdulması, səhvlərinə görə cəzalandırılması ilə yadda qalan ağır bir öyrənmə prosesi idi. Üstəlik ailə daim maddi çətinliklər içində yaşayırdı.

Bütün bu çətinliklərə baxmayaraq, Bethoven musiqiyə olan fitri sevgisini və əzmini itirmədi. Əksinə, bəlkə də bu çətinliklər onun musiqisinə bənzərsiz bir dərinlik və emosional güc qazandırdı. O dövrdə aldığı ilk dərslər, gələcəkdə dünyanın ən böyük bəstəkarlarından birinə çevriləcək dahinin sadəcə ilkin qığılcımları idi.

Bethovenin həyatı tam mənası ilə mübarizələrlə dolu, epik bir hekayədir. Onun həyatındakı dönüş nöqtələrindən biri Bonnun tanınmış musiqi müəllimlərindən olan Kristian Qotlob Nefe ilə tanışlığı oldu. Nefe Bethovendəki potensialı dərhal sezdi və ona hərtərəfli musiqi təhsili verməyə başladı. Bu dövr gənc Bethovenin həm texniki bacarıqlarını inkişaf etdirdiyi, həm də bəstəkarlıq yolunda ilk ciddi addımlarını atdığı həlledici bir mərhələ idi. Nefenin rəhbərliyi altında aldığı təhsil onu dövrün musiqi paytaxtı olan Vyanaya aparan körpü rolunu oynadı.

Vyana Bethoven üçün tamamilə yeni bir dünyanın qapılarını açdı. Burada dövrün musiqi dahiləri ilə tanış oldu, onlardan təsirləndi və sənət kimliyini daha da möhkəmləndirdi. Lakin karyerasının zirvəsinə doğru irəlilədiyi bir zamanda həyatının ən böyük faciəsi ilə üzləşdi: eşitmə qabiliyyətini itirməyə başladı.

Əvvəlcə yüngül problemlər kimi görünən bu vəziyyət zamanla dərin karlaşmaya çevrildi. Bir musiqiçi üçün bundan daha böyük bir fəlakət təsəvvür etmək çətindir. Ancaq Bethoven bu dağıdıcı vəziyyəti belə bir dönüş vasitəsinə çevirdi. Xarici dünyanın səsləri susduqda, o, daxili melodiləri, ruhunun ritmi ilə bəstələməyə davam etdi.

Kar olmasına baxmayaraq yaratdığı duyğularla yüklü və yenilikçi əsərlər klassik musiqinin sərhədlərini zorladı və onun fövqəladə iradəsinin sübutuna çevrildi. Bu mübarizələrlə dolu həyat Bethoveni musiqi tarixində silinməz bir dahi kimi yazdırdı.

Bethovenin sənət həyatı sadəcə bir bəstəkarın karyerası deyil, klassik musiqinin təkamülündə bir dönüş nöqtəsidir. Bonndan Vyanaya atdığı böyük addım, onun üçün musiqinin ənənəvi sərhədlərini zorlayacağı bir sənət üsyanının başlanğıcı oldu. Klassik dövrün qızıl qaydalarını bilirdi və onlara hakim idi, lakin bu qəlibləri sındırmaqdan çəkinmirdi. Özünəməxsus, emosional və cəsarətli yanaşması ilə musiqiyə tamamilə yeni bir nəfəs gətirdi.

Onun əsərlərində duyğu və dramatik quruluş hər zaman ön planda idi. Dinləyicini sadəcə notların arxasınca aparmır, onu dərin bir daxili səyahətə çıxarırdı. Bethoven musiqini “ruhun dili” kimi görür, insan duyğularını, düşüncələrini, ağrılarını və coşqularını ifadə etməyin ən güclü vasitəsi hesab edirdi. Bu baxış hər bir əsərinə dərin məna qatdı.

O, eyni zamanda romantik dövrün qapılarını açan və bu axının əsasını qoyan bəstəkarlar arasında yer alır. Musiqisindəki güclü emosiyalar, fərdilik və dramatik ifadə sonrakı romantik bəstəkarlar üçün böyük ilham mənbəyi oldu.

Bethovenin ən möhtəşəm əsərlərindən biri şübhəsiz ki, 9-cu Simfoniyadır. Bu əsər musiqi tarixində insanlığa ünvanlanmış bir manifest kimi qəbul edilir. Kar olmasına baxmayaraq yaratdığı bu şah əsər onun əzminin və sənət vizyonunun ən böyük sübutudur. Dörd hissədən ibarət olan bu monumental simfoniya, xüsusilə final hissəsində səslənən Fridrix Şillerin şeirinə əsaslanan “Sevincə oda” xoru ilə tarixə qızıl hərflərlə yazılmışdır. İnsan birliyini, qardaşlığı və azadlığı tərənnüm edən bu bölüm orkestr, xor və dörd solistin birləşməsi ilə epik bir zirvəyə çatır. Bu melodiya bu gün də Avropa Birliyinin rəsmi himni olaraq insanlıq üçün ilham mənbəyi olmağa davam edir.

Piano ədəbiyyatının ən tanınmış əsərlərindən biri olan “Ay işığında sonata” isə Bethovenin emosional dərinliyinin başqa bir incəsidir. Əsərin orijinal adı “Quasi una fantasia” olsa da, şair Lüdviq Rellstabın ilk hissəni ay işığının göl üzərində əksinə bənzətməsi nəticəsində bu adla məşhurlaşmışdır. Xüsusilə ilk hissənin sakit və axıcı melodiyası dinləyicini sanki xəyali bir gecə mənzərəsinə aparır. Ardınca gələn hissələr isə əsərin emosional müxtəlifliyini açıq şəkildə nümayiş etdirir.

5-ci Simfoniya isə Bethovenin musiqidəki radikal baxışını ən aydın şəkildə ortaya qoyan əsərlərdən biridir. “Taleyin çağırışı” kimi tanınan məşhur ritmik mövzu ilk notlardan etibarən dinləyicini əsərin dramatik dünyasına çəkir. Bu simfoniya klassik formaları qoruyaraq romantik ifadənin qapılarını aralayır və insan ruhunun mübarizəsini, daxili qarşıdurmalarını musiqi vasitəsilə anlatmağın mümkünlüyünü sübut edir.

“Appassionata” sonatası isə ehtirasın və dramın pianoda təcəssümüdür. Güclü emosional yüklə, texniki çətinliklərlə və partlayıcı enerji ilə dolu olan bu əsər Bethovenin daxili fırtınalarının simvolu hesab olunur və dinləyicini əvvəldən sona qədər təsiri altına alır.

Bethovenin irsini yaşatmaq məqsədi ilə hər il doğum günü olan 16 dekabr həftəsində keçirilən Bethoven Festivalı dünya miqyasında tanınan mədəni tədbirlər silsiləsidir. Festivalda məşhur orkestr və solistlərin iştirakı ilə bəstəkarın müxtəlif dövrlərinə aid əsərlər səsləndirilir, eyni zamanda gənc musiqiçilərə də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılır.

Bethovenin həyatı kino və ədəbiyyatda da geniş əks olunmuşdur. 1994-cü ildə çəkilmiş “Ölümsüz Sevgili” filmi onun sirli eşq həyatını və daxili dünyasını təsirli şəkildə təqdim edir. 2006-cı il istehsalı “Copying Beethoven” filmi isə 9-cu Simfoniyanın tamamlanma prosesinə fokuslanaraq onun yaradıcılıq əzablarını və karlaşma ilə mübarizəsini fərqli bir baxış bucağından göstərir.

1827-ci il 26 mart tarixində Vyanada vəfat edən Bethovenin dəfn mərasimi minlərlə insanın iştirakı ilə keçirilmiş, bu, onun sənətinə olan böyük hörmətin göstəricisi olmuşdur. Fiziki ağrıları sona çatsa da, onun notları, simfoniyaları və sonataları bu gün də dünyanın hər yerində səslənməkdə, yeni nəsillərə ilham verməkdədir.

Bethoven haqqında az bilinən faktlar da onun şəxsiyyətinə maraqlı çalarlar qatır. O, qəhvəni xüsusi bir ritual kimi hazırlayar, hər fincan üçün 60 dənə qəhvə dənəsini tək-tək sayardı. Gecələr işləməyi sevər, bəstələrini saysız-hesabsız dəfə yenidən nəzərdən keçirərdi. Qidalanması nizamsız idi, bəzən günlərlə yalnız qəhvə ilə kifayətlənirdi. Musiqidə ifadəyə böyük önəm verdiyi üçün notların üzərinə tez-tez xüsusi göstərişlər əlavə edirdi. Azadlıq, bərabərlik və qardaşlıq ideallarına sadiq idi; Napoleonun özünü imperator elan etməsindən sonra ona həsr etməyi düşündüyü 3-cü Simfoniyanın ithafını silməsi bunun ən məşhur nümunəsidir.

Bethoven bütün həyatı boyunca sübut etdi ki, insan iradəsi və sənət gücü ən qaranlıq şəraitdə belə işıq saçmağa qadirdir. Onun musiqisi bu gün də yaşayır və insan ruhuna toxunmağa davam edir.

# 9 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər